Nə gəlməz oldun?!
Zaman ötür, vaxt dəyişir, hər şeyin sifəti, üzü dönür, hər şey “özünə qayıdır”. Ancaq...
Biz gedirik və qayıtmırıq!
Bir məmləkətdə, balaca bir məkanda bu qədər əsəbin, nifrətin, kin-küdurətin yığılması insanı düşünməyə məcbur edir. Həm də ona görə ki, dünyanın başqa yerlərində bu “yığılma” balansı heç də bu kimi şikayətlərin dilə gətirilməsinə əsas vermir. Kin-küdurət, nifrin də yəqin ki, getdiyi yeri tanıyır, o da necə deyərlər, özbaşına deyil, hər şey ümumi cazibə qüvvəsinin içindədir.
Oxuduğum romanların birində belə bir hadisə var idi: fəlakət qopur və bu fəlakət çox böyük istedad sahibi olan bir yazıçının əsərinin süjet xəttinə uyğun şəkildə, oradakı xronoloji ardıcıllıqla baş verir. Yazıçının özünü də oyuna cəlb edirlər, deyirlər ki, sən indi qurulan oyunda iştirak etməklə ən şah əsərini yaradacaqsan. Ancaq...
Ancaq bu, doğrudan da dünyada misli-bərabəri olmayan bir oyundur, o yazıçının deyil, əslində dövlətin, diktatorun, caninin... şah əsəridir. İnsanları elə yerlərindən “cinləndirir”, əsəblərinin elə nöqtələrinə toxunurlar ki, bu “palpasiya” yerlərində müəyyən bir məqama yetişəndə matəm marşı səslənir və insan ... durmadan, dayanmadan intihara gedir! Belədə, dövlətin, manyakın, caninin heç bir xüsusi qətl təşkilinə, dünyanın (özü də tərəqqipərvər dünyanın -!) diqqətini çəkəcək kütləvi qırğınlara ehtiyac qalmır! Sən proqramı yükləyir və çıxıb gedirsən! Yerdə qalan özbaşına cərəyan edir. Nədənsə, bu gün Azərbaycan cəmiyyətində baş verən hadisələri izləyəndə yadıma həmin romandakı hadisələr düşür.
Və mənə belə gəlir ki, indi dünyada insanları, ələlxüsus dövləti idarə eləməyin əsasında məhz belə “proqramlar” durur – bundan yaxa qurtarıb qaçmaq, xilas olmaq sadəcə mümkün deyildir. Və belə olanda həmişə məsələnin mahiyyəti bir qıraqda qalır, insanlar, ən böyük şərhçilər sadəcə “diğdığla” məşğul olurlar. Hər bir sahədə yalançı pafos baş alıb gedir. Əsl ədəbiyyatın, gözəl poetik mətnlərin yerini saxta, ancaq orijinalın oxşarı olan nümunələr tutur və onlara “postmodernizm” və sair bu qəbildən adlar verilir. Mən, şübhəsiz ki, Azərbaycan gerçəkliyini nəzərdə tuturam. Bu, Azərbaycanda az qala bütün saxta şeylərə, bütün yalançı hadisələrə, hətta zavod, yaxud fabriklərdə çıxdaş edilmiş, texniki göstəricilərə uyğun gəlməyən mallara vurulan etiketdir. Təki yalanın, yalançı pafosun üstü ört-basdır edilsin! Və beləcə bütün “tullantılar” bir yerə konsentrasiya edilir.
Klassik absurd məntiqi köhnə məkanda, yeni şəraitdə bütün gücü ilə işə düşür....
P.S. Son zamanlar dünya çapında baş verən hadisələr yuxarıda təsvir edilən hadisələrin – dünyanı idarə etməyin üsulunda bir balaca korrektivlərin aparılmasıyla yadda qaldı. Hadisələr elə sürəklilik və ya lad üstündə cərəyan edir ki, istər-istəməz ədəbiyyat, humanitar təfəkkür “gizlinə” çəkilməli olur. Üzdə olan isə ədəbiyyat təəssüratı oyadan siyasət və ideolojinin tullantılarıdır, bu hissə heç zaman qeydə alınmayan, yaddaşa yazılmayan nəsnələrin dünyanı doldurması, əslində batində gedən prosesləri, çox qorxunc və dəhşətli prosesləri ört-basdır etmək üçündür. Siyasət və ideologiya humanitar təfəkkürün içinə soxulub onu “tərk-silah” edir, guya özünü onun kimi aparır, ancaq fon kimi verilən musiqinin ritmi qanlı çağların qabaqda olduğunu hər ladda təsdiqləyir.
Açar sözlər:

