Seyid Heydər Bayat Bəy

Yazar: yusifli @ Mart 16, 2009 19:47

Bu kiçik yazını düşünərkən ad axtarmalı olmadım, Seyid Heydər Bayat ismi o qədər tutumludur ki, hər hansı addan vaz keçdim. Niyəsini izah etməlim olsam gərək, zarafatla desəm, “Kultaz”-a bir məqalə yazmış olam. Seyid Heydər Bayat bu gün güneydə yazıb-yaradan ən istedadlı şairlərdən biridir və onun ortaya qoyduğu nəsnələr şeirlə, ədəbiyyatla, dünyanı anlamaqdan çox, onunla bəhsləşməklə doludu.

 Bayat

 

 


Seyid Heydər Bayatı tanıtdırmaq üçün nə tərcümeyi-halından rəqəmlər vermək, nə yaxınlarda çap edilən “Alma yolu” kitabını sərgiləmək, nə də başqa bir ayrıntını qabartmağa ehtiyac var. Sadəcə bir, ya iki şeirini oxumaq lazımdı.

 

                    Qarğanı duymaq

 

fəlsəfə sona yetdi

qarğa qanadlanırdı

zili

Əsfar kitabının üstündə

Kəhəkdən daha oyanlıq bir çayda

nə Bəlxə baxdı

nə Söhrəvərdə

qar, qar, qar!

nə daşlara bir söz dedi

nə kollara

hamısı da eşitdilər

mən də

mən fikrə getdim qarğa nə deyir?

daş, daş idi

kol, kol

amma mən

mən deyildim

bəzənmiş duyğumda

yerin

boş görünürkən

duyğum gücənməkdəydi

qarğanı duymağa

 

Bu şeir bir qayda olaraq Bayat bəyin ən yaxşı mətni kimi nümunə gətirilir. Və bir çox qələm əhli, o sıradan Hadi Qaraçay şairin kitabı və şeirləri üstünə çox maraqlı bir yazı yazmışdı və xüsusən bu məqalədə bu mətnlərin özəlliyi haqqında çox dəqiq mülahizələr söylənmişdi. Ancaq mən o dəqiq fikirlərin fonunda bir neçə ştrixi qeyd etmək istərdim. Bu mətnlərdə hamının bildiyi, amma olsun ki, heç kəsin görmədiyi bir nöqtə var, ona toxunan kimi sistem açılır, göz önündə gözləmədiyin halda ən müxtəlif duyumlar, deyimlər və ən əsası mətləblər peyda olur. “Qarğanı anmaq” şeirində bu məqamın, yaxud nöqtənin işartısı bir az zəifdi, üzdə deyil, mətnə eyham, ironiya, dünyanı anmağın metafizik-fəlsəfi müşkülləri sıralanır. Şeiri ayrı-ayrı semantik seqmentlərə bölməli olsaq (şərti olartaq-!) ilk misra (...fəlsəfə sona yetdi) bır məna vahidinin bətnində iştirak edəcək, açıq və gizli (latent) formada. Ancaq bütün seqmentlərdə dominantlıq təşkil edən anlamamaqdı. Seyid Heydər Bayatın mətnləri normal oxucunu və tənqidçini (-!) izaha varmaqdan uzaqlaşdırır, ona işarə kimi heç bir tutalqac da vermir, sadəcə qarşısında bir-birini tamamlayan, çarpaz kəsən və bu halında da qovuşma yerləri görünən mənzərələr açır. Bu “kəsiklərdən” hansı modeli yaratmaq artıq sənlikdir. Fikrimizcə, dünya ədəbiyyatının ən kamil nümunələrinin mayasında məhz belə bir poetik prinsip dayanır.  Belə mükəmməl nümunələrdə bütün təsadüflərdə əslində “olmayan işlər oluşur”, baş verir, ağlın dirəndiyi məntiqin köynəyini cırır, elə bir aura yaradır ki, cisimlərin, əşyaların, insanların... doğmalığı və yadlığı, onların ən müxtəlif keyfiyyətləri bir xəttin üstünə yığılır, oxuya bildinsə, bu xətt zaman içində formasını tapır, sənə qaibdən dürlü-dürlü mətləblər söyləyir. Bilidyimə görə Bayat bət qədim mətnlərin bilicisidir, onların bərpası, yazıya alınması və sair işlərlə məşğul olur. Bəlkə buna görədir ki, şeirində bir obrazın - meraforanın bətnində oxuyanın açmalı, düşünməli olduğu çoxlu qatlar, nüanslar var. Yuxarəda nişan verilən məqam - nöqtə eynən bu mətləbin içindədi- qarğa, Əfsar kitabı, Kəhəkdən daha o yanlıq bir çay... yay dartıldıqca metafornaı bəlləyən pərdələr gəlir, ancaq bunlar sadəcə paralel cərgələrdə sıralanır, belə deyək, "uzaq" anlayışı sadəcə bildiyimiz uzaqları yox, bəlkə onun "sərhədlərindən" o yanı (Kəhəkdən daha o yanlıq bir çay..., səfərdən daha o yanlıq bir səfər...) göstərir, inadla təsəvvürlərimizin "bitdiyi" yeri, bir sözlə bu dünyada mövcud olan hər şeyin sınırlarını genişləndirməyə cəhd göstərir. Elə hadisələr baş verir ki, deməklə deməmək, eşitməklə eşitməmək arasında sərhəd itir, bütün nəsnələr "süd yolundan" - təxəyyül kəhkəşanının sərhədindən keçir.  

Seyid Heydər Bayat bəyin ikinci şeirinə baxaq.

 

    Bu ölkə

 

Boynumu qucaqlamağa

Bilirəm

Boyun çatmaz

Bu ölkənin dar ağacları

Ucadır

 ...

Belə ki darları uca qururlar

Son görüşdə

Boyunumu qucaqlamağa

Bilirəm

Boyun çatmaz

 

Hadi Qaraçay yuxarıda adı çəkilən məqaləsində yazmışdı: “...Şair xitabəçi deyil, kəsinliklə deyil. Siyasətçi deyil, profesjonell olaraq deyil, psycholog deyil, filosof deyil, boyaçı deyil, heykəlyonan deyil...ancaq bunların hamısıdır. şeiri amaclayıb gedən şair, yolunun sonunda arabasının qızıl pedalına şeir yazar, olanları olmuş,  keçənləri keçmiş tutar, “özüm” deyə-deyə gəlib, qarnının qurultusuna da bir şeir ithaf edər, uzağa gedəni Ultraist olar, qurtarıb gedər. Yazın, ədəbiyat daha geniş bir dünya olsa gərək. İşlətdiyin metod nə olur olsun, qurduğun qurğu, teknik nə olur olsun, deməyə sözün varsa varsan, yoxdursa, nə metod, nə teknik səni yaşatmayacaq.

Bəli, yolun sonunda arabasının qızıl pedalına şeir yazan şair, əslində heç nə “yazmır”, o yalnız nəyisə, yaxud bəxti gətirərsə, nələrisə qeydə alır, “sadə katiblik edər” (Əli Kərim), millərin qulağının dibində pıçıltıyla deyilən sözdən yapışar, ona heç bir rəng qatmadan min bir rəngin içində cilvləndirər. Bizdə “Dədə Qorqud Kitabından” üzü bəri “dar ağacı” adıyla nə qədər şeirlər yazılıb. Bu şeirlərin demək olar əksərini oxumuşam, xüsusən çağdaş poeziyada bu nəsnə ilə bağlı yersiz bir patetika diqqətimi çəkib. Patetikanın “xüsusi çəkisi” çox olduğundan həmişə dar ağacının mətndə ləngər vurduğunu görmüşəm. Amma Seyid Heydar Bayatda yuxarıda dediyim kimi, əsas olan məqam tutulub – elə bir məqam ki, ordan bütün məmləkət görünür, quzeyli, güneyli bütün Azərbaycan.    

Yaddash | Şərhlər(5) | Baxış sayı:309 |
1

salam Cavanşir bəy,
Görünür bu qara o qaralardan deyil, Azərbaycanımızın güneyində gedən ədəbi prosesi verdiyiniz örnəklərin içində calandırmağa gedirsiniz. işiniz çox gözəl, çox dəyərlidir. sevgi və həyəcanla gələcək örnəyin kim olacağını gözləyirik.
əllərinizə sağlıq bəy ağa

Mart 16, 2009 22:23

2

sayın cavanşir yüsüfli bəy
salam

hər nədən öncə güney ədəbiyyatına bu qədər diiqətlə və məhəbbətlə yanaşdığınıza görə bir güneyli şeir oxucusu kimi ,sizə dərin sevgi və sayqılarımı bildirirəm.

heydər bayat şairimizə də eşq olsun.ona can sağlığı və daha artıq uğurlar arzılayıram.

hürmətlə

Mart 17, 2009 1:35

3
şahbazi yazıb:

əllərinizə sağlıq cavanşir bəy. güney şeirinə dəyəriniz bizi sevindirir və yaşadır.

bu yazını ərəb əlıfbasında oxuya bilərlər oxucular.
http://www.dusharge.blogfa.com/post-317.aspx

Mart 18, 2009 14:15

4

Səlamlar sayın Yusıflı bəy
o boyda yasaq arazı atlayıb, paylaşıb və belə doğma formada anlaşa bıldıyimiz olduqca sevindiricidır. Yalnız bu yazı deyıl bəlkə başqa yazılarınız o cümlədən kiyan xıyav və hümmət şəhbazıyə ayid yazılarınız üçün də sızdən təşəkkür eetmək lazımdır. Bu arada sayın dostlarım hadı qaraçay və hümmət şəhbazıya da sağ olsun demək lazım. Deməlı o boyda yasaq arazı atlamağımızda onların böyük rolları var.
Yeni ilınız qutlu ulsun
dərin sayqı ilə
qum – seyid heydər bayat

Mart 20, 2009 5:24

5
kiyan xiyav yazıb:

dəhşətdir,sayın cavanşir bəy! bu qədər güney şeiriylə maraqlanıb,onun üçün çəkdiyiniz qayğı,sevindirici olduğu qədər də huyuxdurucudur. bu dəyərli işlərinizə qarşı,bir söz:əllərinizə sağlıq demək gərəkir.bu aracla seyid heydər bəyata da daha böyük uğurlar diləsəm gərək!
sevgilərimlə.

Mart 21, 2009 18:37

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha